“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi yerli sığorta bazarında peşəkar kadr potensialının formalaşdırılıb inkişaf etdirilməsi yönündə fəaliyyətini davam etdirir.
ASA-dan verilən xəbərə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə sığorta şirkətlərinin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq Assosiasiyanın yerli bazarda peşəkar kadr potensialının formalaşdırılmasında maraqlı olduğunu bildirib və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə yerli sığorta bazarı iştirakçılarının bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib. Bununla yanaşı E.Mirsalayev bu kimi layihələrin davamlı həyata keçirilməsi məqsədi ilə ASA-nın nəzdində Tədris Mərkəzinin fəaliyyət göstərdiyini və sığorta sahəsi üzrə davamlı olaraq təlim proqramlarının həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi, layihə meneceri Xumar Hüseynova çıxışında tədbirin əhəmiyyətini və həyata keçirilən təlim layihələrinin yüksək qiymətləndirildiyini bildirib. AMB nümayəndəsi qeyd edib ki, yerli sığorta bazarının sistemli inkişafı istiqamətində hazırda 2 böyük layihə həyata keçirilməkdədir.
Daha sonra, tədbirdə iştirak edən ARPA-nın İdarə Heyətinin Sədri Günay Şahbazova, ASA və ARPA arasında bağlanan memorandum çərçivəsində ilk olaraq ASA Tədris Mərkəzi tərəfindən PSS və CII təlimlərinin keçiriləcəyi ilə bağlı iştirakçılara məlumat verib.
ASA Tədris Mərkəzinin rəhbərləri də öz növbələrində yeni fəaliyyət istiqamətləri və təlim-tədris layihələri haqda tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda sığorta şirkətlərinin insan resursları üzrə nümayəndələrinin təklif və fikirləri dinlənilib, müvafiq təkliflərin reallaşdırılması istiqamətində müzakirələr aparıldı.