Qanvermə aksiyası keçirilib
“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanvermə aksiyasında sahibkarlar və şirkət əməkdaşları fəal iştirak ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.
27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası üç ünvanda – “Bakı KOB evi”, “Məlhəm Beynəlxalq Hospital”ı və Mərkəzi Qan Bankında təşkil olunub.
Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində təşkil olunan aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri, ümumilikdə gün ərzində 500-ə yaxın şəxs qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Sahibkarların iştirakı ilə belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.