Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir
KOB-ların sayının, məşğulluqda və əlavə dəyərdəki payının artması onların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini göstərir.
Ölkə üzrə bizneslərin 99,7%-ni təşkil edən mikro, kiçik və orta sahibkarlıq üzrə müsbət artım dinamikası müşahidə edilir. Müsbət meyllər KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.
Belə ki, 2022-ci illə müqayisədə ötən il KOB-ların sayı 6,2% artaraq 401149-a çatıb. 2023-cü ildə 125159 yeni KOB subyekti yaradılıb.
KOB-ların əlavə dəyərdəki payı 2022-ci ildəki 13,9%-dən 2023-cü ildə 18%-ə çatıb ki, bu da 4,1 faiz bəndi artım deməkdir. Ötən il KOB-lar ölkə iqtisadiyyatına 20,1 milyard manat həcmində əlavə dəyər qatıb ki, bu, 2022-ci ilə nisbətən 16,9% artım deməkdir.
KOB-ların məşğulluqdakı payı artmaqda davam edərək ötən il 44% təşkil edib. Bu, 2022-ci ilə nisbətən 2,2 faiz bənd çoxdur. Bu dövrdə KOB-ların qeyri-neft sektoru üzrə məşğulluqdakı payı isə 43,1%-dən 45,3%-ə yüksəlib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390800 nəfər olub ki, bu da 2022-ci illə müqayisədə 5,6% çoxdur.
Bütün bunlar ölkə iqtisadiyyatında və məşğulluqda, o cümlədən qeyri-neft sektorunda KOB-ların rolunun artmaqda davam etdiyini, KOB-ların güclənərək iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir. KOB sektoru üzrə müsbət meyllər həmçinin, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ÜDM-nin, qeyri-neft ixracının və birbaşa xarici investisiyaların artımına, eləcə də KOB sektoru üzrə nəzərdə tutulan göstəricilərə çatmağa xidmət etməkdədir.