Azərbaycanın gömrük sisteminin tarixi qədim olsa da, o, yalnız Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq formalaşmış və inkişaf etmişdir.Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən üç ay sonra –1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb.
Hər il 30 yanvar tarixinin gömrük əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin əsas məqsədi gömrük orqanlarının işinin kökündən dəyişdirilməsi, sağlam əsaslar üzərində qurulması idi. O, hələ 1995-ci ilin yanvar ayında çıxışlarının birində deyirdi: “Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”.
Hazırda Azərbaycanın müasir, təkmilləşdirilmiş gömrük sistemi məhz Ümummilli liderimizin görmək istədiyi gömrük sistemidir. Və ötən müddət ərzində bu qurum sürətlə inkişaf etmişdir, bütün beynəlxalq standartlara cavab verir.
Gömrük xidməti bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dinamik inkişaf edir.Azərbaycan gömrükçüləri müstəqil dövlətimizin beynəlxalq nüfuzunun daha da artırılması, bu sahədə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində bütün qüvvə və bacarıqlarını əsirgəmədən əzmlə çalışırlar.
Gömrük işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, doğma Vətənimizin tərəqqisi naminə gördükləri çox məsuliyyətli və şərəfli işlərində uğurlar diləyirik.
Bayramınız mübarək, hörmətli gömrük işçiləri!
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi Dilara Zamanova