7 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazlarının kapital bazarında yerləşdirilməsi münasibətilə “Açılış Zəngi” tədbiri keçirilmişdir. Açılış zəngi tədbiri ilə SOCAR-ın 200 000 000 ABŞ dolları həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbir SOCAR Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf, Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov və “Paşa Kapital” İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri Bəhruz Nağıyevin açılış nitqləri ilə başlamışdır.
Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov öz çıxışı zamanı SOCAR-ın Bakı Fond Birjası vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. SOCAR-ın tədavülə buraxılan istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6%, ödəniş dövrü 3 (üç) aydan bir, tədavül müddəti 5 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Bu emissiya məhz ətraf mühit və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.