"PR və marketinq yeni mərhələyə qədəm qoyur" — Mütəxəssis bu sahənin bu günü və gələcəyindən danışır
Azərbaycanın ictimaiyyətlə əlaqələr və marketinq sektorunda son illər müşahidə olunan dəyişikliklər təkcə texnologiyaların inkişafıilə deyil, həm də mütəxəssislərin bu sahəyə yanaşması ilə sıx bağlıdır. Bu sahədə uzun illər təcrübəsi olan tanınmış mütəxəssis Elvira Rüstəmova ilə bu sahənin inkişaf dinamikası, süni zəkanın tətbiqi və gələcək perspektivlər haqqında danışdıq.
– Son illərdə ictimaiyyətlə əlaqələr və marketinq sahəsində nə kimi dəyişikliklər müşahidə olunur?
Hazırda PR və tanıtım fəaliyyətləri getdikcə daha çox reallığa əsaslanır və bu, təkcə tendensiya deyil, auditoriyanın gözləntilərinin nəticəsidir. Əvvəllər kommunikasiya strategiyaları daha çox idealizə olunmuş, yüksək estetikaya malik dizaynlar və konseptual vizuallara əsaslanırdı. Yəni, məqsəd daha çox mükəmməl görünmək, ideal brend təsviri yaratmaq idi. Ancaq zaman dəyişdi və indi insanlar brendlərdən, təşkilatlardan, qurumlardan real, səmimi, içdən gələn görüntülər və hekayələr gözləyirlər.
Bugün auditoriya — xüsusilə də gənc nəsil — süni görünən, artıq çox istifadə olunmuş şablon təqdimatlardan yorulub. Onlar artıq brendin necə göründüyündən çox, onun nəyin içində olduğunu, necə fəaliyyət göstərdiyini, necə düşündüyünü və cəmiyyətə hansı dəyəri verdiyini bilmək istəyir. Bu səbəbdən də artıq story, post və reels formatında gündəlik həyatın, komanda işinin, proseslərin, məhsulun və ya xidmətin real zamanlı təqdimatı daha effektiv nəticə verir.
Əgər mütləq bir vizual hazırlanacaqsa, o vizual “danışmalıdır”. Sadəcə estetik baxımdan cəlbedici olmaq yox, izləyiciyə hekayə danışmaq, ona hisslər ötürmək, maraq oyatmaq və ən əsası — kontentin içində verilən əsas mesajı oxumağa təşviq etmək kimi funksiyası olmalıdır.
PR mütəxəssisləri bu dəyişən dinamikanı nəzərə almalı, kommunikasiya strategiyalarını bu əsaslar üzərində yenidən qurmalıdır. Səmimiyyət, şəffaflıq, gündəliklik və real insan münasibətləri — bugün brendləri daha yaxın, daha etibarlı və daha sevilən edən əsas faktorlar sırasındadır.
– Yeni texnologiyaların tətbiqi bu sahəyə hansı töhfəni verir?
Yeni texnologiyalar PR və marketinq sahəsində əvvəllər təsəvvür belə etmədiyimiz imkanlar açır. Məsələn, datalar yalnız statistik məlumatlar təqdim etmir — o, auditoriyanı daha dərindən anlamağa, onların maraqlarını və davranışlarını daha dəqiq proqnozlaşdırmağa imkan verir. Bu da bizə daha kreativ və məqsədyönlü kontent hazırlamağa şərait yaradır, eyni zamanda daha effektiv planlamağa imkan verir.
Blokçeyn adlandırılan texnologiya, brendlərin verdiyi vədlərin yerinə yetirilməsi, məlumatların təhlükəsiz paylaşımı və daha açıq sistemlərin qurulması baxımından olduqca faydalıdır. Bu texnologiya eyni zamanda loyallıq proqramlarının daha effektiv işləməsinə, iştirakçılara fəaliyyətlərinə görə rəqəmsal sertifikat və mükafatların təqdim olunmasına imkan yaradır.Bir çox ölkələrdə, o cümlədənTürkiyədə bir sıra onlayn təlim platformalarının bu texnologiyadan necə səmərəli istifadə etdiklərinin şahidi olmuşam. Bu yanaşma, həm şəffaflıq, həm də iştirakçı motivasiyası baxımından çox dəyərli və uğurludur.
– Bəs süni zəka bu sahəyə necə daxil olur və siz necə tətbiq edirsiniz?
Süni zəka isə bu siyahıda xüsusilə vacib rol oynayır. Çünki o bizim üçün yalnız texnoloji alət deyil — o, düşüncə tərzimizə və iş prosesimizə inteqrasiya olunmuş bir dəstək sistemidir. Xüsusilə PR və marketinq sahələrində kampaniyaların effektivliyini analiz etmək, auditoriyanı düzgün seqmentləşdirmək, sosial media trendlərini izləmək və kontent yaratmaq kimi istiqamətlərdə süni zəka artıq vacib rol oynayır.
Bəzən belə fikirlər səslənir: “ChatGPT ilə yazılıbsa, demək ki, sən yazmamısan.” Amma bu yanaşma artıq keçmişdə qalıb, bugün süni zəka ilə işləmək bacarığı yeni nəsil mütəxəssislər üçün vacib kompetensiyaya çevrilib və yaxın gələcəkdə bu bacarıqlar daha da ön plana çıxacaq. Çünki bu alətlər bizi əvəz etmir, əksinə — gücləndirir, yaradıcılığımızı artırır, işimizi daha məhsuldar və sistemli edir.
– Bu sahədə fəaliyyət göstərən mütəxəssislər bu dəyişikliklərdən necə faydalana bilərlər?
Ən vacibi – daim öyrənmək və yeniliklərə açıq olmaq. Klassik PR anlayışları artıq kifayət etmir. Müasir dövrün peşəkarı həm analitik bacarıqlara, həm də kreativ düşüncəyə sahib olmalıdır. Süni zəka və texnoloji alətlərlə işləmək artıq üstünlük deyil – zərurətdir.
Əsas məsələ odur ki: biz bu alətləri nə dərəcədə tanıyır və səmərəli şəkildə istifadə edirik? - Gənc mütəxəssislərə xüsusi olaraq tövsiyə edərdim ki, süni zəka sahəsində bacarıqlarını inkişaf etdirmək üçün ASAN İnnovativ İnkişaf Mərkəzində təşkil olunan təlimlərə qoşulsunlar — bu, onları əmək bazarında bir addım öndə edəcək.
Bundan başqa, empatiya qurmaq, sosial məsuliyyət daşımaq və auditoriya ilə səmimi əlaqələr yaratmaq bu sahədə uğurun əsas açarlarıdır. Özünü bir sahə ilə məhdudlaşdırmaq yox, çox şaxəli biliklərə sahib olmaq lazımdır.
– Marketinq sahəsində hansı yanaşmalar daha doğrudur?
Marketinq artıq təkcə məhsul satmaq, xidmət tanıtmaq deyil. Bu sahədə uğurlu olmaq üçün mütləq şəkildə dəyər əsasında düşünmək lazımdır. Hər bir əməkdaşlıq, kampaniya və ya strateji addım – yalnız maliyyə nəticəsi deyil, sosial və mənəvi bir təsir də yaratmalıdır. Satmaq üçün yox, dəyər təqdim etmək üçün satmaq prinsipi bu sahənin gələcəyidir.
Cəmiyyətin artıq formalaşmış dəyərləri var. İnsanlar məhsul və xidmət seçərkən brendin nəyi simvolizə etdiyinə, hansı fikirləri dəstəklədiyinə və sosial məsuliyyətinə də baxırlar. Ona görə də marketinqin uğuru yalnız satış rəqəmləri ilə deyil, auditoriyanın yaddaşında necə qalmağımızla, onlara necə təsir etdiyimizlə ölçülür.
Gələcəkdə marketinq sahəsində uğur qazanmaq üçün diqqət yetirilməli əsas istiqamətlərdən biri insan mərkəzli yanaşmadır. Empatiya, şəffaflıq və sosial məsuliyyət artıq bazar münasibətlərinin ayrılmaz hissəsinə çevrilir. Dürüst və açıq kommunikasiya, auditoriya ilə real, səmimi və məqsədyönlü əlaqə qurmaq həm markanın reputasiyasını, həm də uzunmüddətli əlaqələri möhkəmləndirir. Üstəlik, kütləvi yanaşmadan daha çox konkret icmalara yönəlmək – yəni icma əsaslı marketinq – brendlərin daha effektiv və səmərəli nəticələr əldə etməsinə şərait yaradır. İnsanların dəyərlərinə toxunan mesajlar onları sadəcə alıcı yox, tərəfdaş kimi cəlb edir.
– Gələcək üçün nəyi vacib hesab edirsiniz?
Gələcək üçün ən vacib məsələ, düşünürəm ki, daim öyrənmək və dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır. Biz bugün öz komandalarımızla yeni tendensiyaları izləmək, onları öyrənmək və yerli bazarda tətbiq etmək üçün çox çalışırıq. Çünkiartıq ənənəvi yollar kifayət etmir – həm texnologiyanın imkanlarını dərindən anlamaq, həm də insanın emosional dünyasına toxunan həssas yanaşmalar qurmaq vacibdir. Gələcəyin PR və marketinq mütəxəssisi məhz bu iki qabiliyyəti bir arada daşıyan şəxs olacaq.
Mən xüsusilə Alfa və Beta nəsillərinin bu sahədə daha uğurlu olacağına inanıram. Onlar həm texnologiyanın içində böyüyürlər, həm dəfərqli düşünmə qabiliyyətiilə fərqlənirlər. Onlara tövsiyəm odur ki, həm işə yaradıcı qalın, açıqfikirli olun və həm insanı, həm də sistemlərianlamağa çalışın. Uğur hər zaman davamlı çalışmaqla gəlir – və mən onlara bu yolda uğurlar arzulayıram.